Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Səfərin məqsədi “Times Higher Education” tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf Konqresində iştirak etməklə yanaşı, elmi-tədqiqat, tədris və innovasiya sahələrində əlaqələrinin qurulması, mövcud tərəfdaşlıqların dərinləşdirilməsi və Türkiyənin aparıcı universitetləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi olub.
AzTU nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova təmsil olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Bahçeşehir Universiteti və Gəbzə Texniki Universitetində görüşlər keçirib. Tərəflər arasında əməkdaşlıq imkanları, xüsusilə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, rəqəmsal marketinq və innovasiya sahələrində birgə təşəbbüslər müzakirə edilib.
Görüşlər zamanı AzTU rektoru Vilayət Vəliyev universitetin beynəlxalq tərəfdaşlıq strategiyasına uyğun olaraq birgə elmi layihələr, ortaq təhsil proqramları, tələbə və müəllim mübadiləsi, eləcə də beynəlxalq reytinqlərdə irəliləyişə yönəlmiş fəaliyyətlərə böyük önəm verildiyini qeyd edib.
Tərəflər mühəndislik sahəsində müasir tədris texnologiyalarının tətbiqi, ortaq tədqiqatların həyata keçirilməsi, reytinq göstəricilərinin təkmilləşdirilməsi, eləcə də Mini MBA proqramlarının icrası, süni intellektin tədris və tədqiqatlarda istifadəsi, rəqəmsal texnologiyalar və innovasiya sahəsində ortaq layihələrin hazırlanması istiqamətində təcrübə və bilik mübadiləsinin vacibliyini xüsusi vurğulayıblar.
Bu səfər nəticəsində AzTU-nun beynəlxalq elmi əməkdaşlıq şəbəkəsinin daha da genişləndirilməsi və qlobal elm-təhsil platformalarına inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Görüşlər AzTU-nun strateji inkişaf hədəfləri çərçivəsində beynəlxalq reytinqlərə müsbət təsir edəcək tərəfdaşlıqlar üçün güclü təməl formalaşdırıb.
AzTU rəhbərliyinin təşəbbüsü ilə gerçəkləşən səfər universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artırılmasına yönəlmiş uğurlu beynəlxalq fəaliyyətlərin davamı kimi qiymətləndirilir.