Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev elmi-tədqiqat və akademik mübadilə proqramlarında iştirak edən müəllimlərlə görüş keçirib. Görüşün məqsədi universitetin beynəlxalq elm və tədris əməkdaşlıqlarının mövcud vəziyyətinin qiymətləndirilməsi, əldə olunan nəticələrin nəzərdən keçirilməsi və növbəti fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Qeyd olunub ki, son bir ay ərzində AzTU-nun 74 əməkdaşı və 14 tələbəsi Türkiyə, Pakistan, Qazaxıstan və Özbəkistanın 15 ali təhsil müəssisəsində müxtəlif elmi-tədqiqat və akademik mübadilə, seminar və təcrübə proqramlarında iştirak edib. Bu əməkdaşlıqlar çərçivəsində birgə layihələrin icrası, ikitərəfli tədqiqat təşəbbüsləri, elmi nəşrlərin hazırlanması və yeni tədris istiqamətlərinin formalaşdırılması üzrə ilkin razılaşmalar əldə olunub.
Görüş zamanı AzTU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, müəllim və tələbələrin xaricdə elmi-təcrübə imkanlarına çıxışının artırılması, həmçinin birgə laboratoriya və tədqiqat mərkəzlərinin yaradılması istiqamətində növbəti addımlar müəyyən edilib. Rektor bildirib ki, universitetin qarşıya qoyduğu əsas hədəf beynəlxalq əməkdaşlıqların davamlı institusional əməkdaşlıq mexanizmlərinə və ölçülə bilən elmi nəticələrə çevrilməsidir.
Tədbirdə iştirakçılar gələcək perspektivlər, əməkdaşlığın təkmilləşdirilməsi və yeni imkanların dəyərləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. AzTU rəhbərliyi beynəlxalq fəaliyyətlərin universitetin inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirildiyini vurğulayıb və bu sahədə işlərin davam etdiriləcəyini qeyd edib.