Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq reytinqlərdə mühüm uğura imza atıb. Belə ki, “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, universitet kompüter elmləri və informasiya sistemləri (Computer Science and Information Systems) ixtisası üzrə 701–750-ci yerlər aralığında qərarlaşıb.
AzTU əldə etdiyi bu nəticə ilə ilk dəfə olaraq “QS Subject Ranking” reytinqində yer alıb. Universitetin bu uğura məhz qlobal miqyasda ən yüksək rəqabət səviyyəsi ilə seçilən kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə nail olması isə nəticənin əhəmiyyətini xüsusi olaraq artırır.
Qeyd olunan nailiyyət AzTU-da informasiya texnologiyaları və kompüter elmləri istiqamətində həyata keçirilən sistemli elmi-tədqiqat fəaliyyətinin, tədris prosesinin müasirləşdirilməsi istiqamətində görülən işlərin və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafının məntiqi nəticəsi kimi qiymətləndirilir.
Məlum olduğu kimi, QS fənn üzrə reytinqləri akademik reputasiya, işəgötürənlərin rəyləri, elmi istinadların sayı və h-indeksi kimi əsas göstəricilər əsasında formalaşdırılır. AzTU-nun bu reytinqdə yer alması universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artdığını və rəqabət qabiliyyətinin yüksəldiyini təsdiq edir.
AzTU-da prioritet istiqamətlər üzrə — süni intellekt, proqram mühəndisliyi, informasiya təhlükəsizliyi və böyük verilənlərin analitikası sahələrində kadr hazırlığının gücləndirilməsi, elmi-tədqiqatların genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Əldə olunan bu nəticə universitetin strateji inkişaf kursunun düzgün müəyyənləşdirildiyini göstərməklə yanaşı, AzTU-nun beynəlxalq akademik mühitdə mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha nümayiş etdirir.