Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev Rusiyanın Arxangelsk şəhərində “Böyük energetik sistemlərin etibarlılığının metodik məsələləri” mövzusunda beynəxalq elmi konfrasda iştirak edib.
Hüseynqulu Quliyev “Uzaq məkanların avtonom elektrik təchizatı üçün bərpaolunan mənbəli hibrid AC .DC paylanmış generasiya sisteminin optimal ölçülərinin təyini” və “330 kV gərginlikli elektrik şəbəkələrində idarə olunan şuntlayıcı reaktorların seçilməsi və onların istismar rejimlərinin tədqiqi” mövzularında elmi məruzələrlə çıxış edib.
AzTU professorunun ilk məruzəsi yaşıl enerji texnologiyaları bazasında hibrid sistemlərin uzaq məsafələrdə yerləşən zonaların etibarlı elektrik təchizatının yaradılmasında tətbiqinin nəzəri-metodik məsələlərinə həsr olunub.
Onun növbəti çıxışı isə energetika sistemlərinin dayanıqlılığının yüksəldilməsi üçün idarəolunan şuntlayıcı reaktorların optimal yerləşdirilməsi və onların istismar rejimlərinin tədqiqindən bəhs edib.
Hər iki məruzənin materialları Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) və “Scopus” bazasında indeksləşdirilmiş dövrü nəşrlərdə çap olunmaq üçün qəbul edilib.