Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov Pakistan Respublikasının paytaxtı İslamabad şəhərində yerləşən və beynəlxalq reytinqlərdə qabaqcıl mövqelərdə qərarlaşan universitetlərə işgüzar səfər ediblər. Səfərdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Kərimova da iştirak edib. Nümayəndə heyəti İslamabadda yerləşən Milli Elm və Texnologiya Universiteti (NUST), COMSATS Universiteti, Kompüter və İnkişaf edən Elmlər Universiteti (FAST), Bahria Universiteti və Air Universitetində rəsmi görüşlər keçirib.
Səfər çərçivəsində qeyd olunan ali təhsil müəssisələri ilə əməkdaşlığın perspektiv istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. Görüşlərdə elmi-tədqiqat, birgə elmi nəşrlər, ortaq tədqiqat layihələri və qarşılıqlı tədqiqat platformalarının yaradılması barədə razılıqlar əldə olunub. Pakistanın ən qabaqcıl mühəndislik və innovasiyayönümlü ali məktəblərindən biri olan NUST-da keçirilən danışıqlarda birgə Mükəmməllik Mərkəzinin yaradılması, yüksək impakt faktorlu jurnallarda məqalələrin birgə dərc olunması, sertifikat proqramlarının təşkili və müəllim mübadiləsinin həyata keçirilməsi məsələləri müsbət qarşılanıb.
COMSATS Universitetinin rektoru professor Sajid Qamar AzTU ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Nümayəndə heyəti ilə keçirilən görüşlərdə birgə elmi konfransların təşkili, beynəlxalq reytinqlərdə əməkdaşlığın gücləndirilməsi, yüksək indeksli elmi məqalələrin dərcində birgə fəaliyyət, eləcə də qısamüddətli qonaq professor mübadiləsi imkanları üzrə razılıq əldə olunub.
FAST Universitetinin rektoru professor Aftab A. Maroof ilə keçirilən görüşdə anlaşma memorandumunun imzalanması, mövcud laboratoriya bazasından birgə istifadə, eləcə də doktorant və magistrantlara ikili elmi rəhbərlik məsələləri müsbət dəyərləndirilib. Bahria və Air universitetlərinin rəhbərlikləri ilə aparılan müzakirələrdə isə yaxın müddətdə anlaşma memorandumlarının imzalanması və tədqiqatçıların qarşılıqlı əlaqələndirilməsi barədə razılıq əldə olunub.
Səfər zamanı nümayəndə heyəti universitetlərin maddi-texniki və laboratoriya imkanları ilə tanış olub, əməkdaşlığın real istiqamətlərini müəyyənləşdirib. Görüşlərin yekununda Pakistanın bir sıra ali təhsil müəssisələri ilə qarşılıqlı anlaşma memorandumlarının imzalanması və geniş elmi, innovativ və akademik əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə edilib.