Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı üzrə "Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi" regional texniki yardım layihəsi üzrə Bacarıqların İnkişafı İşçi Qrupunun Bakıda növbəti görüşü keçirilib. Tədbir Asiya İnkişaf Bankı, CAREC regionu ölkələrinin elm və təhsil nazirlikləri və tərəfdaş ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə reallaşıb.
Layihənin əsas məqsədi CAREC regionu ölkələrində yaşıl bacarıqların inkişaf etdirilməsində regional əməkdaşlıq üçün institusional çərçivənin qurulması, iqlim dəyişikliyini nəzərə alan ağıllı kənd təsərrüfatı, sənayedə “Ədalətli keçid”, “Yaşıl bacarıqlar” və “İqlim dəyişikliyi” üzrə təhsil müəssisələri, dövlət və özəl sektorun məlumatlılığının və potensialının artırılmasıdır.
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Monqolustan və Pakistanın elm və təhsil nazirliklərinin və ali təhsil müəssisələrinin nümayənədələrinin iştirakı ilə keçirilən görüşdə “CAREC regionu ölkələri arasında bacarıqların inkişaf etdirilməsində regional əməkdaşlığın gücləndirilməsi” üzrə anlaşma memorandumu imzalanıb və layihə çərçivəsində icra edilməli olan növbəti hədəflər təqdim edilib.
Tədbirdə AzTU-nu beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Mətanət Paşayeva təmsil edib.