Azərbaycan Texniki Universitetinin (AzTU) 12 tələbəsi 2024/2025-ci tədris ilinin yaz semestrində “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq.
Belə ki, “Sabah” qruplarının bakalavr tələbələri Yunus Həşimov və Ayaz Bağırzadə İtaliyanın Roma Sapienza Universitetində, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavr tələbələri Ülviyyə Məmmədova və Saməddin Hüseynli müvafiq olaraq Türkiyənin Ankara Universiteti və Fırat Universitetində, həmin fakültənin bakalavr tələbəsi Sahib Bağırzadə Rumıniyanın Kluj-Napoka Texniki Universitetində, Maşınqayırma və robototexnika fakültəsinin bakalavr tələbələri Səbinə Əsgər-zadə və Elvin Hüseynov müvafiq olaraq Türkiyənin Zonquldak Bülent Ecevit Universiteti və Qazi Universitetində, həmin fakültənin bakalavr tələbəsi Mirəli Verdiyev Almaniyanın Brandenburq Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr tələbəsi İsirafil Şiriyev isə Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar.
Həmçinin Yüksək Təhsil İnstitutunun magistrantları Həmidə Zeynalzadə və Romil Məsimov Türkiyənin Bursa Texniki Universitetində, Nihad İbrahimov isə İstanbul Okan Universitetində 2 aylıq təcrübə keçəcəklər.
AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.