“Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan Milli Çempionatı keçirilib. Azərbaycanın 36 təhsil müəssisəsindən ümumilikdə 1000-dən çox şagird və tələbənin iştirak etdiyi yarışmada gənc mühəndislər 21 fərqli kateqoriya üzrə qələbə uğrunda yarışıblar. Builki yarışmada Azərbaycanla yanaşı, Türkiyə və Qazaxıstandan olan gənclər də mübarizə aparıblar.
Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müəllimi Türkanə Qəhrəmanlının mentoru olduğu komanda 4 kateqoriya üzrə 1-ci yerə,1 kateqoriya üzrə 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, Türkanə Qəhrəmanlının mentorluğu ilə yarışmaya qatılan komandaların tərkibində AzTU-nun kompüter elmləri ixtisasında təhsil alan 1-ci kurs tələbəsi Yusif Əliyev və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə təhsil alan doktorantı Xumarə Qəhrəmanlı da iştirak edib.
Yarışmada qalib olan komandalar apreldə Türkiyənin Antalya şəhərində keçiriləcək “Fibonacci” Beynəlxalq Robot Olimpiadasında iştirak edəcək.