Azərbaycan Texniki Universitetində (AzTU) Zəfər Gününə həsr olunmuş ənənəvi turnirə start verilib. AzTU İdman Klubu və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkil etdiyi “Zəfər turniri” universitet əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və sağlamlığının qorunması məqsədilə hər il keçirilir. Turnir çərçivəsində AzTU əməkdaşları komandalar şəklində özlərini 5 idman növü üzrə (şahmat, dama, stolüstü tennis, voleybol və futbol) sınayacaqlar.
Turnirin açılış günü AzTU-nun ayrı-ayrı fakültə və struktur bölmələrini təmsil edən ümumilikdə 10 komanda şahmat idman növü üzrə mübarizə aparıb.
Yarışın nəticələrinə görə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin komandası 24 xalla I yer, Maliyyə və təminat departamentinin komandası 19,5 xalla II yer, Xüsusi texnika və texnologiya fakültəsinin komandası isə 17 xalla III yeri qazanıb. Şahmat üzrə nəzərdə tutulmuş fərdi yarışların qalibi isə Xüsusi texnika və texnologiya fakültəsinin akademik məsləhətçisi Nurlan Hüseynov olub.
Qeyd edək ki, “Zəfər turniri” üzrə müxtəlif yarışlar 2 həftə davam edəcək. Qaliblər kubok, medal və Həmkarlar İttifaqı Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.