Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyə-Azərbaycan Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkilatçılığı ilə AzTU-da “Strategic Talks on Innovation & Commercialization for Knowledge Sharing” – (STICKS International 2025) mövzusunda beynəlxalq tədbir keçirilib.
Tədbirin əsas məqsədi universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, elmi-tədqiqatların kommersiyalaşdırılması, startapların dəstəklənməsi və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi olub.
Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev və NUST-un tədqiqat, innovasiya və kommersiyalaşdırma üzrə prorektoru Rizvan Riaz çıxış edərək tədbirin əhəmiyyəti və məqsədləri barədə iştirakçılara məlumat veriblər.
Forum çərçivəsində iki əsas panel müzakirəsi keçirilib.
Birinci panel “Sərhədləri Aşan Universitet-Sənaye Əməkdaşlığı – Pakistan, Türkiyə və Azərbaycanın Baxışı” mövzusuna həsr olunub. Panel müzakirəsində universitetlər və sənaye nümayəndələri arasında əməkdaşlıq imkanları, birgə tədqiqat layihələrinin təşkili və innovasiya ekosistemlərinin inkişafı məsələləri diqqət mərkəzində olub.
İkinci panel isə “Tədqiqatların Qlobal Təsirə Çevrilməsi – Sərhədlərarası Kommersiyalaşdırma Strategiyaları” mövzusunda təşkil olunub. Bu sessiyada iştirakçılar elmi nəticələrin kommersiya potensialı, texnologiyaların transferi, investisiya mühiti və regionlararası əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“STICKS International 2025” tədbiri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə daha genişmiqyaslı elmi əməkdaşlıqlar üçün yeni imkanlar yaradacağına dair inam ifadə olunub.
Sonda AzTU-nun rektoru Vilayət Vəliyev, TAU-nun prorektoru Mehmet Şimşir və NUST-un prorektoru Rizvan Riaz rəmzi olaraq birlikdə səhnədə “start” düyməsin sıxıblar. Bu zaman ekranda “Pakistan – Azərbaycan – Türkiyə innovasiya dəhlizi” təşəbüsünün anonsu nümayiş olunub.
Qeyd edək ki, tədbir hər il Pakistanda təşkil olunur. Bu il ilk dəfə tədbir Pakistan xaricində - Azərbaycanda keçirilib.