Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyada işgüzar səfərdədir.
Səfər çərçivəsində “ABB” şirkəti, həmçinin Finlandiyanın Vaasa və Tampere universitetlərində keçirilən görüşlərdə süni intellekt, enerji sistemləri və ağıllı istehsal sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
“ABB” şirkəti ilə müzakirələrin nəticəsi olaraq AzTU-da pilot layihə olaraq tədqiqat yönümlü birgə Ağıllı Enerji Şəbəkəsinin yaradılması barədə razılığa gəlinib.
Finlandiya universitetləri ilə müzakirələr zamanı isə real sənaye ehtiyaclarına uyğun olaraq birgə tədris, tədqiqat, akademik mübadilə, universitet-sənaye işbirliyi modelinin tətbiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, AzTU nümayəndə heyətində Yüksək Təhsil İnstitutunun direktoru Aynurə İsmayılova və Enerji və Dayanıqlı İnkişaf İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov təmsil olunub.