Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının müdiri Arzu Süleymanov və kafedranın dosenti Ramil Quliyev "Erasmus+ KA171" mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Tokat Gaziosmanpaşa Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mübadilədə iştirak edib. AzTU əməkdaşları Tokat Gaziosmanpaşa Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti ilə tanış olub, birgə tədqiqatların aparılması və layihələrin hazırlanması imkanlarını müzakirə ediblər.
Mübadilədə olduqları müddətdə Arzu Süleymanov və Ramil Quliyev Tokat Gaziosmanpaşa Universiteti və AzTU-nun birgə təşkilatçılğı ilə təşkil olunmuş I beynəlxalq iqtisadi və inzibati araşdırmalar konfransında iştirak edib. İqtisadi və inzibati elmlərin bütün sahələrinə aid mövzularda məqalələrin dinlənildiyi konfransda Azərbaycandan ümumilikdə 10 məqalə qəbul olunaraq proqrama daxil edilib. Bunlardan 8-i AzTU-nun professor-müəllim heyəti, doktorant və magistr tələbələrinin məqalələridir.