Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri professor Vaqif Həsənov, kafedranın professoru Fuad Məmmədov və baş müəllim Elbəy Rüstəmzadə mübadilə proqramı ilə Özbəkistanın İ.Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti və Özbəkistan Elmlər Akademiyasının Fiziki-Texniki İnstitutunda səfərdə olub.
Səfərin əsas məqsədi enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri və müasir yaşıl texnologiyalar sahəsində təcrübə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat imkanlarının müzakirəsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi olub.
Səfər çərçivəsində kafedra nümayəndələri İ.Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin müvafiq fakültə və kafedra əməkdaşları ilə görüşlər keçirib. Görüşlər zamanı hər iki ali təhsil müəssisəsində enerji mühəndisliyi, alternativ enerji mənbələri, enerji auditinin aparılması və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumatlar təqdim olunub. Xüsusilə günəş və külək enerjisi texnologiyaları, ağıllı enerji sistemləri və karbon emissiyalarının azaldılması mövzuları diqqət mərkəzində olub.
Kafedra əməkdaşları İ.Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti və Özbəkistan Elmlər Akademiyasının Fiziki-Texniki Institutunun elmi laboratoriyaları, tədris mərkəzləri və tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.
Səfər zamanı həmçinin seminar və müzakirələr təşkil edilib, Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının nümayəndələri tərəfindən mövzu üzrə təqdimatlar olub.