Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov, kafedranın məsləhətçi-professoru, Nəriman Rəsulov, kafedranın dosenti, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Sarvan Əziz, kafedranın baş müəllimi Ramil Dadaşov və AzTU-nun Tədris işləri üzrə prorektorunun referenti Fərid Hüseynli mübadilə proqramı ilə Türkiyənin Ankara şəhərində səfərdə olub.
Səfər çərçivəsində AzTU-nun nümayəndə heyəti Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Gazi Universitetində bir sıra rəsmi görüşlər keçirib.
Məqsəd sözügedən tədris və elmi müəssisələrlə mövcud olan əlaqələrin daha da genişləndirilməsi, elmi əməkdaşlıqların gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçililməsi və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirə olunaraq, gələcəkdə yeni mərhələyə çıxarılması olub.
Səfər çərçivəsində keçirilən görüşlərdə AzTU ilə Gazi Universiteti, ODTÜ və TUSAŞ arasında birgə tədqiqat layihələri və akademik mübadilə proqramı çərçivəsində elmi əməkdaşlıqların inkişaf etdirilməsi, birgə layihələrin icrası, prioritet tədqiqat sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi müzakirə edilib.
Akademik mübadilə proqramları çərçivəsində müəllim və tədqiqatçıların qısamüddətli elmi ezamiyyətlərinin, magistrant və doktorantlar üçün birgə rəhbərlik (co-supervision) mexanizmlərinin tətbiqi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin sistemli şəkildə həyata keçirilməsi tövsiyə olunub.
Səfər çərçivəsində AzTU ilə TUSAŞ, Gazi Universiteti və ODTÜ arasında elmi əməkdaşlığın genişləndirilməsi və ali təhsil sahəsində institusional inteqrasiyanın təşviqi istiqamətində razılaşmalar əldə edilib.