Azərbaycan Texniki Universitetində (AzTU) OBA MMC-nin SiD layihəsi çərçivəsində təşkil olunan İnnovativ Həllər Marafonu üçün infosessiya keçirilib.
OBA MMC-nin SiD layihəsinin meneceri, AzTU məzunu Samir Qulamzadə OBA marketlər şəbəkəsinin innovasiyanın və startapların inkişafına dəstək məqsədilə hazırlanmış SİD (Startap, İnnovasiya və Dəstək) layihəsi haqqında təqdimat edib. Bildirib ki, layihə pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramı olmaqla, daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləyir. O qeyd edib ki, layihə “Sənin ideyan dəstəklənir” şüarı ilə yaradıcı təşəbbüslərin inkişafını təmin edir və proqram daxilində OBA marketlər şəbəkəsinin əməliyyatlarını optimallaşdıracaq innovativ həllər hazırlanması nəzərdə tutulub.
OBA MMC-nin əməkdaşı daha sonra layihənin əsas istiqamətlərindən olan İnnovativ Həllər Marafonundan bəhs edib. Samir Qulamzadə qeyd edib ki, həm AzTU-nun akademik və inzibati heyəti, həm də tələbələri fərdi və ya komanda şəklində marafonda iştirak edərək yaradıcı və innovativ həll yolları düşünə bilərlər.
Marafon müddətində mentor dəstəyi, prototip hazırlanması və yekun təqdimatlar nəzərdə tutulur. İnnovativ Həllər Marafonunda layihələrin yekun qiymətləndirilməsi müxtəlif kriteriyalar (problemin qoyuluşu, layihənin innovativliyi, iqtisadi səmərəlilik, texnoloji əsaslılıq və tətbiq imkanları, komandanın dayanıqlılığı, davamlılıq və sosial təsir, təqdimatın keyfiyyəti və əsaslandırılması) üzrə ediləcək.
İnnovativ Həllər Marafonu üçün ümumi mükafat fondu 10 000 AZN nəzərdə tutulub.
Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.