Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Sənaye mülkiyyəti obyektləri və onların qeydiyyatı” mövzusunda tədbir təşkil olunub.
AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov əqli mülkiyyətin qorunması və effektiv idarə olunmasının ölkənin elmi potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu baxımdan elmi-tədqiqat və ali təhsil müəssisələrinin agentliklə birgə fəaliyyətinin gələcək uğurlar üçün möhkəm zəmin yaradacığını diqqətə çatdırıb. Qeyd edib ki, əqli mülkiyyət sahəsində maarifləndirmə işləri gənc tədqiqatçıların bu sahəyə cəlb olunması və innovasiya mühitinin formalaşdırılması üçün əhəmiyyətli olacaq.
Görüşdə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modelin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova çıxış edərək, tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və görüşü qarşılıqlı əməkdaşlığın ilk addımı kimi dəyərləndirib.
Əqli mülkiyyətin qorunması və bu sahədə biliklərin artırılması məqsədilə keçirilən tədbirdə iştirakçılar üçün mütəxəssislər tərəfindən təqdimatlar olunub. Şöbə müdiri Sevinc Zeynalova “Əqli mülkiyyət obyektlərinin mahiyyəti üzrə ekspertizanın aparılması” və “Beynəlxalq və regional patentləşdirmə prosedurları”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İlkin ekspertiza və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdiri Afət Qasımova “Patent hüququ obyektləri və patentin alınmasına dair iddia sənədinin tərtibatı və verilməsi” mövzularında təqdimatla çıxış ediblər.
İnteraktiv müzakirələrlə davam etdirilən tədbirdə agentliyin nümayəndələri iştirakçıların suallarını cavablandırıblar.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu əqli mülkiyyətə dair kitablar AzTU kitabxanasına hədiyyə edilib.