Azərbaycan Texniki Universitetində (AzTU) Sumqayıt Texnologiyalar Parkının (STP) “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib.
Təqdimat mərasimində STP-nin İnsan resursları departamentinin aparıcı mütəxəssisi Tural Şahbazov, “Sabahın Gücü” layihəsinin meneceri Türkan Məmmədova və layihənin koordinatoru Günel Musayeva iştirak edib.
Əvvəlcə STP Şirkətlər Qrupunun hədəfləri, həyata keçiriləcək yeni layihələri barədə tələbələrə ətraflı məlumat verilib. Daha sonra “Sabahın Gücü” İnkişaf Proqramı haqqında geniş təqdimat olub. Qeyd olunub ki, “Sabahın Gücü” 6-12 aylıq müddəti əhatə edən ödənişli təcrübə proqramıdır. Proqramın məqsədi inkişafa meyilli, potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq, mühəndisliyin müxtəlif istiqamətləri üzrə insan kapitalına olan ehtiyacın ödənilməsinə töhfə verməkdir. Tədbir çərçivəsində tələbələr arasında ümumi dünya görüşünə aid test keçirilib və yüksək nəticə göstərənlər mükafatlandırılıb.
Təqdimatdan sonra inkişaf proqramı ilə maraqlanan tələbələr CV-lərini təqdim edib və onlarla müsahibə aparılıb.