Azərbaycan Texniki Universiteti (AzTU) qadınların texnologiya və innovasiya sahəsində fəaliyyətinin təşviq ediməsinə yönəlmiş “International Women’s Day 2025 Baku IWD 2025 Baku” adlı tədbirə ev sahibliyi edib.
Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), AzTU-da təhsil alan əcnəbi tələbələr, Türk Dövlətləri Gənclik Platforması (TDGP), “Women Techmakers” və “Google Developer Groups” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılışında TDGP-nin sədri Fatih Emir Torun və “Google Developer Groups”un icma rəhbəri Malik Məmmədli çıxış edərək tədbirin məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Tədbir iştirakçıları arasında İKT sahəsində təhsil alan və fəaliyyət göstərən xanımlar üstünlük təşkil edib.
Maraqlı çıxışların yer aldığı tədbir informasiya texnologiyaları, süni intellekt, oyun sənayesi, rəqəmsal kommunikasiya, istifadəçi təcrübəsi (UX) dizaynı, sosial media strategiyası və kibertəhlükəsizlik sahələrində uğur qazanmış qadınları bir araya gətirərək onların bilik və təcrübələrini bölüşməsi üçün unikal imkan yaradıb. Tədbirdə İRİA-nın nümayəndələri, müxtəlif beynəlxalq və yerli mütəxəssislər, startap rəhbərləri, elmi tədqiqatçılar və texnologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər çıxış edib.
Tədbirin zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, texnologiya və innovasiya sahəsində qadınların potensialının dəstəklənməsinin və yeni nəsil qadın liderlərin formalaşdırılmasında bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.