Müdafiə və kibertəhlükəsizlik sahəsində elmi-tədqiqat potensialını vahid strateji istiqamət altında birləşdirərək bu sahələrdə tədqiqatların təkrarlanmasını aradan qaldırmaq, müasir trendləri və innovasiyaları vahid sistemə gətirmək və dövlət-sənaye-universitet əməkdaşlığını gücləndirmək məqsədilə AzTU-da Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik Tədqiqat Klasteri yaradılıb.
Yeni yaradılan klaster avtonom sistemlər, pilotsuz platformalar, süni intellekt əsaslı nəzarət sistemləri, elektromaqnit müdafiə texnologiyaları, şəbəkə və informasiya təhlükəsizliyi, süni intellekt (AI) əsaslı kiberhücumların aşkarlanması, SCADA və sənaye sistemlərinin qorunması, "smart grid", "e-mobility", enerji təhlükəsizliyi və dözümlü infrastruktur modelləri, Big Data və süni intellektlə kritik sistemlərin proqnozlaşdırılması və risklərin azaldılması tədqiqat istiqamətləri üzrə fəaliyyət göstərəcək.
Bu təşəbbüs AzTU-nun ölkədə elmi-texniki tərəqqinin qlobal inkişafına verdiyi töhfəni artırmaq, rəqəmsal transformasiya proseslərinə dəstək vermək və milli müdafiə texnologiyaları ekosistemində universitetin aparıcı mövqeyini gücləndirmək məqsədi daşıyır.
Klaster bu sahədə tədqiqat ehtiyaclarına uyğun sinerji yaradan platforma olaraq AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun koordinasiyası ilə fəaliyyətini təşkil edəcək.