Azərbaycan Texniki Universitetində (AZTU) Qırğız-Türk Manas Universiteti (QTMU), Əhməd Yasavi Universiteti və Niğde Ömər Halisdemir Universitetinin (NOHU) birgə təşkilatçılığı ilə Elm və Mühəndislik üzrə VI Beynəlxalq Türk Dünyası Konfransı (TURK-COSE) işinə başlayıb. TURK-COSE 2024 informasiya və telekommunikasiya texnologiyaları, təbiət və tətbiqi elmlər, fizika və texniki elmlər, material elmləri, tikinti texnologiyaları və kənd təsərrüfatı elmləri, həmçinin mühəndislik, nəqliyyat və enerji texnologiyası kimi müxtəlif mövzuları əhatə edir.
AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli bu cür elmi konfransların türk dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Çağdaş zamanda mühəndislik, elm və texnologiya sahəsində baş verən yeniliklərdən bəhs edən prorektor türk dünyasının alimləri və sənaye sahəsinin mütəxəssisləri ilə birlikdə layihələr etməyin, yeniliklərin birbaşa iştirakçısı kimi töhfə verməyin, türk dünyasını elm, mühəndislik, texnologiya sahəsində yüksək səviyyədə təmsil etməyin vacibliyini vurğulayıb.
Daha sonra Niğde Ömər Halisdemir Universitetinin rektoru professor Hasan Uslu, Qırğız-Türk Manas Universitetinin rektoru professor Alpaslan Ceylan, Əhməd Yasavi Universitetinin rektoru Janar Temirbok, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru professor Mehmet Şimşir, Niğde Ömər Halisdemir Universitetinin Mühəndislik fakültəsinin dekanı professor Murat Barut konfransda çıxış edərək iştirakçılara uğurlar arzulayıb, belə tədbirlərin türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, təcrübə mübadiləsinin elm sahəsinə faydalı olacağını bildiriblər.
Konfransda həmçinin İzmir Yüksək Texnologiya İnstitutunun Mexanika mühəndisliyi kafedrasının müəllimi professor Mustafa Güden “Quş təsirlərinə qarşı Polikarbonatın (dam örtüyü) təsir davranışlarının modelləşdirilməsi”, Böyük Britaniyanın Nottinqam Universiteti Elektrik mühəndisliyi kafedrasının professoru Marko Rivera “Güc çeviriciləri və elektrik ötürücü sistemləri üçün model proqnozlaşdırıcı nəzarət, Almaniyanın “Siemens Energy” şirkətinin Hidrogen kompressinin direktoru Adnan Görgülü “Hidrogen istehsalı texnologiyalarına biznes baxışı” mövzusunda məruzə ediblər.
Plenar iclarla davam edən konfrans dekabrın 21-ində işini yekunlaşdıracaq.