Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı dəyirmi masa keçirilib

AzTU-da Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı dəyirmi masa keçirilib

11.03.2026     61     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif istiqamətlərinə (SDG 1 – Yoxsulluğa son, SDG 2 – Aclığa son və SDG 8 – Layiqli əmək və iqtisadi artım istiqamətlər) həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbirdə universitetin əməkdaşları və tələbələri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri professor Elşad Məmmədov və şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə iştirak ediblər.

Universitetin Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov bildirib ki, AzTU innovasiya, təhsil və elmi tədqiqatlar vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfə vermək üçün müxtəlif tədbirlər həyata keçirir. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər universitetdə sosial məsuliyyət və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir.

Daha sonra çıxış edən iqtisadçı-ekspert Aslan Əzimzadə SDG 1, SDG 2 və SDG 8 məqsədlərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, yoxsulluğun azaldılması və ərzaq təhlükəsizliyinin təmin olunması üçün əsas şərtlərdən biri davamlı və inklüziv iqtisadi artımın formalaşdırılmasıdır. Ekspert bildirib ki, iqtisadiyyatın real sektoruna yönələn investisiyalar kənd təsərrüfatı və istehsal sahələrində məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və sosial rifahın yüksəlməsinə mühüm təsir göstərir.

Dəyirmi masa çərçivəsində iştirakçılar arasında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində ali təhsil müəssisələrinin rolu, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının əhəmiyyəti və gənclərin iqtisadi inkişaf proseslərinə fəal cəlb olunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, universitetlər yalnız təhsil verməklə kifayətlənməməlidir. Ali təhsil müəssisələr həmçinin innovativ ideyaların formalaşmasına, sahibkarlığın təşviqinə və sosial problemlərin həllinə töhfə verən platforma rolunu da oynayırlar.

Tədbirdə tələbələrin sualları cavablandırılıb, xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması, startap fəaliyyətinin təşviqi və iqtisadi inkişafda innovasiyaların rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılar Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət qurumları, akademik mühit və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.


Digər xəbərlər