Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda su ehtiyatları: problemlər və yeni çağırışlar” mövzusunda respublika elmi-texniki konfransı keçirilib. Konfransda su sahəsi üzrə tədqiqat aparan alimlər, tədqiqatçılar, professorlar, dövlət qurumlarının, eləcə də müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.
AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli Bakıda keçiriləcək COP29 tədbirləri çərçivəsində bu cür konfransların keçirilməsinin əhəmiyyətini, su ehtiyatlarının və ekologiyanın qorunmasının vacibliyini vurğulayıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev konfrans iştirakçılarını salamlayıb və məruzəçilərə uğurlar diləyib.
Daha sonra çıxış edənlər su ilə bağlı ölkədə görülmüş işlərə, problemlərə və həll yollarına diqqət çəkiblər.
Məruzəçilər konfrans iştirakçılarını Azərbaycanda su ehtiyatlarını qənaətlə və düzgün istifadə etməyə çağırıblar. Onlar çıxışlarında ölkədə su ehtiyatlarını qorumaq üçün tədbirlərin sayını artırmaq, yeni avadanlıqlar almaq, onları iş mühitlərinə inteqrasiya etmək, çirkli suları şirin sulardan təmizləmək, eləcə də suvarma zamanı su itkisinin qarşısını almaq üçün daha ağıllı texnologiyaların tətbiqini vacib sayıblar.
Elmi-texniki konfrans plenar iclaslarla davam edib.