Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Selcan Kərimli, Maşınqayırma və metallurgiya fakültəsinin tələbələr Anabacı Əmiraslanova və Ömər Məmmədzadə Bakıda keçirilən “Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu”nda iştirak edib. Forumun məqsədi qlobal əməkdaşlığın inkişaf etdirilməsi, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ölkədə mövcud əlverişli imkanların tanıdılması, həmçinin Azərbaycan hökümətinin həyata keçirdiyi iqtisadi islahatların beynəlxalq miqyasda təqdim edilməsi olub.
Forumun “Agro Technology” bölməsində AzTU tələbələrinin də startapları nümayiş olunub. Bu pavilyonda xüsusilə suvarma şəbəkələrinin avtomatlaşdırılması, sensor texnologiyaları, biotexnoloji üsullarla istehsal edilmiş bitkilərin satışını həyata keçirən vahid platforma, aqrar fəaliyyətlərin ağıllı idarəedilməsi üzrə proqram təminatları nümayiş etdirilib. Bundan əlavə, startapçılar su hövzələrində və akvariumlarda toplanan balıq atqılarından filtrasiya yolu ilə ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli gübrənin əldə olunmasına yönəlmiş layihə, heyvandarlıqda yerli GPS izləmə sistemi, propandiol molekulunun bioloji fermentasiya üsulu ilə ekoloji mühitdə alınması, həmçinin bitki xəstəliklərinin müəyyən olunmasına imkan verən mobil tətbiq və digər innovativ ideyalar da təqdim ediblər.