Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən açıq əlyetərli akademik jurnal redaktorları üçün ilk beynəlxalq təlim keçirilib.
Onlayn formatda keçirilən təlim proqramı beynəlxalq "Directory of Open Acccess Journals" (DOAJ) platformasının tələbləri ilə işləməyə həsr olunub.
AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru, DOAJ-ın Azərbaycan üzrə redaktoru Xəyalə Hacıyevanın təşəbbüsü ilə keçirilən təlimin əsas məqsədi Azərbaycanda nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılaraq DOAJ-da ölkənin akademik jurnal sayını artırmaq olub.
DOAJ-ın baş redaktoru Dr. Ramazan Turqut beynəlxalq meyarlar, platformaya müraciət qaydaları, hüquqi sənədlərin formalaşdırılması, yol verilən yanlışlıqlar və diqqət edilməli olan nüanslara toxunub. Təlimdə Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Mingəçevir Dövlət Universitetinin nümayəndələri iştirak edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, AzTU-nun təşəbbüsü ilə keçiriən bu cür beynəlxalq təlimlər mütəmadi olaraq davam etdiriləcək.