“AWE Consulting” şirkətinin Azərbaycan üzrə baş direktoru Elmira Cavadova və şirkətin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Görüşdə şirkət haqqında ətraflı məlumat verilib. Bildirib ki, “AWE Consulting” dayanıqlı inkişafa, eləcə də sosial təsirə yönəlmiş regenerativ marketinq, qabaqcıl biznes strategiyalar və transformativ ideyalar üzrə ixtisaslaşmış qlobal konsaltinq şirkətidir.
Şirkər AzTU ilə marketinq, kommunikasiya və innovasiya sahələrində tədrisin keyfiyyətinin artırılması, eləcə də bu istiqamətdə təcrübə mübadiləsi aparılmasında maraqlıdır.
Görüşdə AzTU ilə şirkət arasında marketinq və kommunikasiya sahəsində birgə təlimlərin təşkili, müəllim, əməkdaş və tələbələr üçün müxtəlif tədris və tədqiqat layihələrində iştirak imkanları ilə bağlı müzakirələr aparılıb.
Bundan başqa, dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının Azərbaycan nəşrinin oxucuların istifadəsinə verildiyi qeyd olunub. Məqsəd dünya marketinq təcrübəsini Azərbaycana gətirmək və ölkənin innovativ nailiyyətlərinin və uğur hekayələrinin qlobal səhnədə tanınmasını təmin etməkdir.