Atatürk Universitetinin İnformasiya sistemləri və texnologiyaları kafedrasının dosenti Hamza Polat “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub.
AzTU-nun Kompüter texnologiyaları kafedrasının akademik heyətilə görüşən qonaq kafedranın tədris infrastrukturu, texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub, birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb. Hamza Polat AzTU-nun kompüter elmləri ixtisası üzrə təhsil alan magistr tələbələrinə “Generativ süni intellekt və insan tərəfindən verilən rəylərin və qiymətləndirmənin müqayisəsi” mövzusunda mühazirə deyib.