Azərbaycan Texniki Universiteti (AzTU) və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin fəsadları, həmçinin onların qanunsuz dövriyyəsi haqqında qanunvericiliyin tələbləri” mövzusunda AzTU tələbələri üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov narkotik vasitələrdən istifadənin insan həyatı üçün təhlükəsindən danışıb. O, tələbələri pis vərdişlərdən uzaq olmağı, onlara elm öyrənməyi, idmanla məşğul olmağı və digər faydalı işlərə maraq göstərməyi tövsiyə edib.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Natiq İsbatov tələbələrə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin fəsadlarını ətraflı izah edib. Natiq İsbatov gənclərin bu istiqamətdə mütəmadi maarifləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, AzTU narkomaniyaya qarşı mübarizə ilə bağlı tələbələr arasında maarifləndirmə aparan ali təhsil müəssisələrindəndir.
Tədbir tələbələrin “Narkomaniya ilə mübarizə” mövzusunda hazırladıqları videoçarxın nümayişi ilə başa çatıb.