Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma və robotexnika fakültəsinin tələbələri üçün alman dilinin onlayn formada öyrənmə imkanlarına həsr olunmuş məlumatlandırma sessiyası təşkil olunub. Sessiya AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl tərəfindən keçirilib.
Məlumatlandırma sessiyasında Klaudio Kasperl “Nicos Weg” adlı müasir və interaktiv alman dili kursunu tələbələrə təqdim edib. Alman dilinin A1 səviyyəsindən B1 səviyyəsinə qədər mərhələsini əhatə edən bu kurs Almaniyanın beynəlxalq yayım qurumu DW (Deutsche Welle) tərəfindən hazırlanıb və internet üzərindən tamamilə ödənişsiz şəkildə təqdim olunur. Kursun türk, rus və digər bir neçə dildə mövcud olması tələbələr üçün onu daha əlçatan və anlaşılan edir.
Sessiyada “Nicos Weg” kursunun hazırda intensiv istifadəçisi olan universitetin əməkdaşı İlahə Ağazadə öz təcrübəsini paylaşıb. O, kursun gündəlik öyrənmə prosesində faydasından və onun imkanlarından yararlanmaq barədə tələbələrə məlumat verib.
Sessiya ərzində Klaudio Kasperl tələbələrə kursun quruluşu, istifadəsi və fərdi öyrənmə imkanları ilə bağlı ətraflı məlumat verib və bu interaktiv vəsaitin dərsdən kənar alman dilinin öyrənilməsinə maraq göstərən tələbələr üçün faydalı resurs olduğunu qeyd edib.
Sonda tələbələrin sualları cavablandırılıb.