Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət 3 komanda Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən 2024-2025-ci akademik il çərçivəsində elan edilən “TUSAŞ Lift Up 2024 Sənaye Yönümlü Buraxılış İşi – Məzun Layihələri” müsabiqəsinin qalibi olub.
“KarabağX”, “AeroTech AzTU” və “VATAN” komandaları “Yaşıl mexaniki emal və kəsici alətlərin davamlılığı”, “Gücləndirməli öyrənmə istifadə edilməklə aerodinamik formanın optimallaşdırılması” və “Mexaniki emal hissələrində materialın diyirlənmə istiqamətindən asılı olaraq qalıq gərginliklərinin azaldılması və NC proqramının optimallaşdırılması” mövzularında diplom işlərinə - layihələrə Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov, Kibertəhlükəsizlik kafedrasının müdiri professor Yadigar İmamverdiyev və Maşınqayırma texnologiyası kafedrasının dosenti Sarvan Əziz rəhbərlik edir.
TUSAŞ-ın dəstəyi ilə həyata keçirilən layihələrin sənaye məsləhətçiləri Görkem Çoban, Sadik Yetkin və Alper Yeşilyurtdur.
Komandalarda AzTU-nun ümumilikdə 10 tələbəsi təmsil olunur ki, bunlardan da biri əcnəbi tələbədir.
“KarabağX” komandasının lideri Maşınqayırma və robotexnika fakültəsinin maşın mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi Tamerlan Əhmədov, komanda üzvləri isə Sevil Ağayarzadə və İbrahim Novruzovdur.
“AeroTech AzTU” komandasının lideri İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə 4-cü kurs tələbəsi Cavid Əsədov, komanda üzvləri isə Amin Məmmədli və Əyyub Hacıyevdir.
“VATAN” komandasının lideri isə Maşınqayırma və robotexnika fakültəsinin mexanika mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi Seyyid Həsən Məcidli, komanda üzvləri isə Şamil Əskərov, Ahmet Kırbalı və Murad Şəfiyevdir.
Layihələrin hər birinin büdcəsi 30.000 Türkiyə lirəsi təşkil edir.
Qeyd edək ki, AzTU-nun tələbələrindən ibarət komandalar bu müsabiqədə 2023/2024-cü tədris ilindən iştirak edirlər. AzTU-nun TUSAŞ-la əməkdaşlığı isə 2022-ci ildən etibarən qurulub.