“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondu və Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Reza Deqatinin gözündə Xocalı soyqırımı” adlı görüş keçirilib.
AzTU-da təşkil olunan görüşdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Xocalı faciəsini çəkdiyi fotolarla dünyaya çatdıran fotojurnalist Reza Deqati də iştirak edib.
Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva Xocalı faciəsinin hər il yad edilməsinin önəmini diqqətə çatdırıb.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov soyqırımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan dövlətinin zəruri addımlar atdığını qeyd edib.
Dünyaşöhrətli fotojurnalist Reza Deqati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim edib, şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə olduğunu deyib.
Fotoqraf Xocalıda çəkdiyi fotolarla bağlı həqiqətləri hər zaman dünyaya çatdırmağa çalışdığını bildirib.
Qeyd edək ki, Reza Deqati Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir sıra Avropa ölkələrində sərgilər təşkil edib.