Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU professorunun elmi araşdırması nüfuzlu “New England Journal of Medicine” jurnalında dərc olunub

AzTU professorunun elmi araşdırması nüfuzlu “New England Journal of Medicine” jurnalında dərc olunub

24.10.2025     61     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor, tibb elmləri doktoru, Almaniyanın Reyn-Ziq bölgəsində klinika direktoru vəzifəsində çalışan Nuran Abdullayevin elmi araşdırması və məktubu “New England Journal of Medicine” (NEJM) jurnalında dərc edilib.

Məqalədə Nuran Abdullayev piylənmənin müalicəsində istifadə olunan iki dərman – “Tirzepatid” (GIP-GLP-1 reseptor aqonisti - “Mounjaro”) və “Semaglutid” (GLP-1 reseptor aqonisti - “Wegovy”) arasındakı fərqləri elmi kontekstdə şərh edib. Professor vurğulayıb ki, bu tədqiqatlar əsasən çəki itkisinə və metabolik nəticələrə fokuslansa da, visseral orqan piylənməsi, əzələ kütləsindəki dəyişikliklər və sümük mineral sıxlığı (BMD) kimi mühüm komponentlər hələ də kifayət qədər öyrənilməyib. O, bu dərmanların metabolik sağlamlığa və skelet sistemi üzərinə təsirlərinin tam şəkildə qiymətləndirilməsi məqsədilə gələcək tədqiqatlar üçün MRT əsaslı bədən tərkibi ölçmələri və DXA+MRT kombinasiyası kimi müasir görüntüləmə metodlarının tətbiq olunmasını elmi əsasla təklif edib.

Qeyd edək ki, dünyanın ən nüfuzlu tibb jurnallarından olan “New England Journal of Medicine”də hər hansı məqalənin dərc olunması tibb aləmində böyük hadisə, müəllif üçün yüksək elmi uğur sayılır. 1812-ci ildən nəşr edilən bu jurnal klinik tibb sahəsində ən mötəbər elmi mənbə sayılır. ABŞ-da çap olunan NEJM dünyada bütün tibbi nəşrlər arasında ən yüksək təsir əmsalına (Impact Factor) malik jurnallardandır. Jurnala məqalə qəbulu üçün çox ciddi seçim prosesi həyata keçirilir. Belə ki, nəşrə təqdim edilən məqalələrin çox az qismi – cəmi 10 faizi, xüsusən də dərin elmi əsaslandırmaya malik və beynəlxalq əhəmiyyətli elmi məqalələr dərc olunur.

Böyük oxucu kütləsi olan jurnalda yayımlanan işlər dünyada həkimlər, alimlər, səhiyyə üzrə yüksəkvəzifəli siyasətçilər və beynəlxalq klinik protokol hazırlayan komissiyalar tərəfindən oxunur. Müalicə standartlarının dəyişdirilməsinə təsir edəcək səviyyəyə malik bu jurnalda hər hansı məqalənin yayımlanması həmin işin dünya miqyasında yüksək elmi və klinik dəyərini göstərir.


Digər xəbərlər