Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah Çin Xalq Respublikasında işgüzar səfərdə olub.
Məqsəd AzTU ilə Çin Xalq Respublikasının ali təhsil müəssisələri arasında əməkdaşlıqların qurulması, tədqiqat və təhsil sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsi olub.
AzTU nümayəndələri səfər çərçivəsində Çinin Jenqjou şəhərində Sias Universiteti, Pekin şəhərində Pekin Texnologiya İnstitutu, Pekin Kimya Texnologiyaları Universiteti, Şimali Çin Energetika Universiteti, Ninqbo şəhərində yerləşən Nottinqem Universitetinin Ninqbo filialını, Şanxay şəhərində yerləşən Şanxay Mühəndislik Elmləri Universiteti, Şanxay Elm və Texnologiya Universiteti, Şərqi Çin Elm və Texnologiya Universiteti, Tonci Universiteti, Nancinq şəhərində yerləşən Nancinq İnformasiya Elmləri və Texnologiya Universitetində görüşlər keçirib.
Beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah görüşlər zamanı AzTU haqqında geniş məlumat veriblər. Çin universitetlərinin nümayəndələri ilə aparılan müzakirələrdə ikitərəfli tədris və tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, birgə elmi məqalələrin yazılması, ikili diplom proqramlarının hazırlanması, birgə elmi rəhbərliklərin həyata keçirilməsi, tələbələrin yay məktəbi proqramlarında qarşılıqlı iştirakı, doktorantların elmi-tədqiqat və təcrübə proqramlarına cəlb olunması kimi məsələlərdən bəhs olunub.
Səfər zaman nümayəndə heyəti həmçinin Pekin şəhərində “Huawei” şirkətinin Tədqiqat və İnnovasiya Mərkəzi, “GEİDCO” təşkilatı (Global Energy Interconnection Development and Cooperaton Organization – Energetika Sahəsində Qlobal Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlığı Təşkilatı) və Şanxay şəhərində fəaliyyət göstərən “CHINT Global” şirkətini ziyarət ediblər. Qeyd olunan təşkilatlarla keçirilən görüşlərdə AzTU tələbələrinin beynəlxalq təcrübə proqramlarına cəlb edilməsi və təşkilatlarla birgə elmi-tədqiqatların yerinə yetirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
“Huawei” şirkətinin Tədqiqat və İnnovasiya Mərkəzində nümayəndə heyəti şirkətin qabaqcıl texnoloji həlləri və ixtira olunmuş məhsulları haqqında məlumatlandırılıb.
“CHINT Global” şirkətində istehsal sahələri ilə əyani tanışlıq həyata keçirilib, sənaye və universitet əməkdaşlığı modelləri, həmçinin universitetlərlə ortaq layihələrin icrası üzrə mövcud təcrübə öyrənilib.