Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti İndoneziya Respublikasının ali təhsil müəssisələrində işgüzar səfərdə olub. Nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil olunub.
Səfərdə əsas məqsəd AzTU-nun İndoneziyanın qabaqcıl universitetləri ilə əməkdaşlıqların qurulması, tədqiqat, təhsil və beynəxalq reytinqlər sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsindən ibarət olub.
Nümayəndə heyəti İndoneziya Universiteti, Bandunq Texnologiya İnstitutu, Bina Nusantra Universiteti, 17 Avqust 1945 Cakarta Universiteti və Atma Jaya İndoneziya Katolik Universitetində görüşlər keçirib.
Görüşlər zamanı AzTU nümayəndə heyəti təmsil etdikləri universitet barədə geniş məlumat verərək ikitərəfli tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, birgə elmi məqalələrin yazılması, ikili diplom və elmi rəhbərliklərin həyata keçirilməsi istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Səfər çərçivəsində AzTU ilə İndoneziya Universiteti və 17 Avqust 1945 Cakarta Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb. Tərəflər iki və çoxtərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.