Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov və kafedranın dosenti Ərəstun Məmmədov Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant No. AEF-MGC-2024-2(50)-16/01/1-M-01) çərçivəsində Almaniyada səfərdə olub.
Məqsəd birgə elmi tədqiqatların daha da dərinləşdirilməsi, əldə olunan nəticələrin müzakirəsi, yerində praktiki təcrübələrin aparılması və aparılan tədqiqatların yüksək reytinqli elmi jurnallarda birgə dərc olunması məsələlərini müzakirə etmək olub.
Layihə rəhbəri professor Nizami Yusubov və layihə icraçısı dosent Ərəstun Məmmədov Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU C-S) Maşınqayırma, elektrik və enerji sitemləri fakültəsinin Metalkəsən dəzgahlar kafedrasında elmi ezamiyyə çərçivəsində sözügedən qrant layihəsi üzrə işlərin müzakirəsi məqsədilə BTU C-S kafedra müdiri professor Sylvio Simon və əməkdaşlarla görüş keçiriblər.
Səfər çərçivəsində AzTU nümayəndələrinin “Deutsche Bahn” Nəqliyyat Vasitələrinin Təmiri MMC-yə ekskursiyası təşkil edilib, görüşlərdə sənaye müəssisələri ilə elmi əməkdaşlıq və texnoloji istiqamətlər müəyyənləşdirilib. Bundan başqa, Metalkəsən dəzgahlar laboratoriyasında bəzi ilkin eksperimental tədqiqatlar da aparılıb.
Qeyd edək ki, qrant layihəsi çərçivəsində BTU-da hazırda tədqiqatlar uğurla davam etdirilir. Bu əməkdaşlıq qrant layihəsinin beynəlxalq reytinqinin artırılmasına lazımi töhfə verməkdədir. Yerinə yetirilən tədqiqatların yüksək reytinqli elmi jurnallarda birgə dərc olunması və gələcəkdə birgə doktorantların hazırlanması planlaşdırılır.