AzTU tələbələri İsmayıllıda “Greenfield Career Advancement Bootcamp” proqramında iştirak ediblər
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsinin 11 tələbəsi İsmayıllı rayonunun Topçu kəndində “Coca-Cola” zavodunda “Greenfield Career Advancement Bootcamp” proqramında iştirak edib.
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin birgə təşəbbüsü ilə keçirilən proqramın məqsədi tələbələrin peşəkar inkişafına dəstək göstərmək, onları müasir istehsalat mühiti, biznes prosesləri və karyera imkanları ilə tanış etmək olub.
Proqram çərçivəsində tələbələrə şirkətin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi investisiyalar barədə məlumat verilib. Şirkətin müxtəlif sahələrdə çalışan əməkdaşları karyera yolları və iş təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar. Daha sonra tələbələr müəssisənin istehsalat sahələrini gəzərək istehsal prosesləri, texnoloji imkanlar, tətbiq olunan keyfiyyət və təhlükəsizlik standartları ilə tanış olublar.
Sonda iştirakçılara sertifikat və təşəkkürnamələr təqdim olunub.











