Rahid Ələkbərli: “Deepfake” təhlükələrinə qarşı rəqəmsal məzmunun idarə olunması gücləndirilməlidir”
Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun və Süni İntellekt Əsaslı Mühəndislik Təhlükəsizliyi Mərkəzinin direktoru Rahid Ələkbərli Bakıda keçirilən “Süni intellekt dövründə güc və təsir: dəyişən kibermühitə regional baxış” mövzusunda II Beynəlxalq Kiberdiplomatiya Konfransının panel müzakirəsində çıxış edib.
Rahid Ələkbərli “İnformasiya müharibəsi və deepfake: rəqəmsal dövrdə həqiqətin müdafiəsi” mövzusunda panel müzakirəsində süni intellekt əsasında yaradılan saxta audio və video materialların yaratdığı təhlükələr, onların qarşısının alınması yolları və rəqəmsal informasiya mühitində etimadın qorunması məsələlərinə toxunub.
O bildirib ki, süni intellekt texnologiyalarının inkişafını dayandırmaq mümkün deyil və əsas diqqət bu texnologiyaların yaratdığı risklərin idarə olunmasına yönəldilməlidir. Onun fikrincə, “deepfake” təhlükələrinə qarşı mübarizədə rəqəmsal məzmunun idarə olunması üçün səmərəli mexanizmlərin formalaşdırılması, əhalinin kibertəhlükəsizlik sahəsində məlumatlılığının və texnoloji savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, müasir süni intellekt texnologiyaları insan davranışını, emosiyalarını və üz ifadələrini yüksək dəqiqliklə təqlid edən görüntülər yaratmağa imkan verir. Bu imkanlardan informasiya manipulyasiyası və ictimai rəyin yönləndirilməsi məqsədilə də istifadə oluna bilər. Süni intellektlə yaradılmış görüntü və səslər getdikcə daha inandırıcı olsa da, onların həqiqi materiallardan fərqləndirilməsi üçün texnoloji və təşkilati mexanizmlərin inkişaf etdirilməsi vacibdir.
Rahid Ələkbərli rəqəmsal platformalarda süni intellekt vasitəsilə yaradılmış materialların aydın şəkildə işarələnməsinin əhəmiyyətini də vurğulayıb. Onun fikrincə, istifadəçilər sosial şəbəkələrdə qarşılaşdıqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını müəyyən edə bilməlidirlər. Bəzi platformalarda tətbiq olunan bu cür işarələmə təcrübələrinin genişləndirilməsi “deepfake” risklərinin azaldılmasına kömək edə bilər.
O həmçinin kiberməlumatlılığın artırılmasının vacibliyini qeyd edib. İstifadəçilərin saxta görüntüləri və səsləri həqiqi video və audio materiallardan fərqləndirmək bacarığının inkişaf etdirilməsi rəqəmsal mühitdə informasiya təhlükəsizliyinin mühüm elementlərindəndir.
Qeyd edək ki, AzTU-da kibertəhlükəsizlik, süni intellekt və müdafiə texnologiyaları sahəsində aparılan elmi-tədqiqat işləri milli texnoloji potensialın inkişafına, yeni elmi yanaşmaların formalaşdırılmasına və müasir təhlükəsizlik çağırışlarına uyğun mütəxəssislərin hazırlanmasına yönəlib.







