Tarixi nəticə: Ölkəmiz rəqəmsal hökumət sahəsində dünya üzrə 36 pillə irəliləyib
Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatında möhtəşəm irəliləyişə imza atıb. Ölkəmiz cəmi iki il ərzində 36 pillə irəliləyərək 74-cü mövqedən dünya reytinqinin 38-ci pilləsinə yüksəlib.
Bu, Azərbaycanın rəqəmsal hökumət sahəsində indiyədək əldə etdiyi ən mühüm beynəlxalq nəticələrdən biridir.
Əldə olunan nailiyyətlərin əsas göstəriciləri:
Ümumi EHİİ reytinqində 36 pillə irəliləyiş – dünya üzrə 38-ci yer;
Onlayn Xidmətlər İndeksində 56 pillə irəliləyiş – dünya üzrə 11-ci yer;
Xidmətlərin təqdim edilməsi altindeksi üzrə dünya üzrə 10-cu yer;
İnstitusional çərçivə altindeksi üzrə dünya üzrə 1-ci yer.
Azərbaycan bununla da “Çox yüksək EHİİ” kateqoriyasında mövqeyini daha da gücləndirərək Avstriya, Yaponiya, Kanada və İsrail kimi ölkələrin yer aldığı V3 altqrupuna yüksəlib.
Bu tarixi nəticə ölkəmizdə rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilməsi, strateji təşəbbüslərin həyata keçirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və vətəndaşyönümlü rəqəmsal xidmətlərin inkişafının nəticəsidir.
“mygov”, “digital.bridge”, rəqəmsal sənəd dövriyyəsi və digər mühüm təşəbbüslər vahid rəqəmsal hökumət ekosisteminin formalaşmasına və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə töhfə verir.





