Azərbaycan Texniki Universiteti (AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
AzTU-nun Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili Göydəniz Qəhrəmanov, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, uzaqgörən siyasətindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə genişmiqyaslı islahatlara başladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Onun ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin bu arzusu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində reallığa çevrildi.
Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyev ideyalarının yaşayacağı çıxışlarda xüsusi vurğulanıb.