AzTU Pakistanın Milli Elm və Texnologiya Universiteti ilə birgə beynəlxalq konfrans keçirib
Azərbaycan Texniki Universiteti (AzTU) Pakistanın İslamabad şəhərində yerləşən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milli Elm və Texnologiya Universiteti (NUST) ilə birgə Süni İntellekt və Maşın Öyrənməsi üzrə Beynəlxalq İnkişaf və İnnovasiya Konfransı (International Conference on Advancement and Innovation: Artificial Intelligence and Machine Learning – AI2ML 2026) keçirib.
Konfrans intellektual sistemlər sahəsində fəaliyyət göstərən tədqiqatçılar, alimlər və sənaye mütəxəssisləri üçün innovativ ideyaların, qabaqcıl elmi tədqiqatların və praktiki təcrübələrin mübadiləsinə xidmət edən beynəlxalq platforma rolunu oynayıb. Tədbirin əsas məqsədi akademik mühitlə sənaye sektoru arasında əlaqələri gücləndirmək, bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də yeni beynəlxalq əməkdaşlıq imkanları yaratmaq olub.
Konfransda iştirak etmək və təşkilati məsələləri əlaqələndirmək məqsədilə AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın İslamabad şəhərində səfərdə olub.
Tədbirdə AzTU alimlərinin təqdim etdiyi 20-yə yaxın elmi məruzə seçilərək dinlənilib. AzTU-nun professoru Mehman Həsənovun, doktorantlar Kamran Əsgərov, Emin Payızov və Calal Mehdiyevin məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb olub. Xüsusilə doktorant Kamran Əsgərovun elmi məruzəsi konfransın ən maraqlı iki təqdimatından biri kimi qiymətləndirilib və o, müvafiq sertifikatla təltif olunub.
Konfrans çərçivəsində AzTU ilə NUST arasında əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalanıb. Nümayəndə heyəti NUST-un elmi-tədqiqat potensialı, laboratoriyaları və innovasiya infrastrukturu ilə tanış olub, birgə elmi-tədqiqat fəaliyyətinin təşkili imkanlarını müzakirə edib.
AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov NUST-un elm, innovasiya və kommersiyalaşma üzrə prorektoru professor Rizvan Riaz ilə görüşündə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüşdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, bu istiqamətdə elmi jurnalın təsis edilməsi, eləcə də akademik və tədqiqatçı mübadiləsinin genişləndirilməsi əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib.
Konfransda təqdim olunan elmi məqalələrin beynəlxalq elmi bazalarda indeksləşdirilən nəşrlərdə dərc edilməsi nəzərdə tutulur.













