AzTU müəllimi Ege Universitetində tələbələrə mühazirələr oxuyub
Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ege Universitetində akademik mobillik proqramında iştirak edib.
İki həftə davam edən proqram çərçivəsində Mətanət Mehrabova Ege Universitetinin Fizika bölümünün tədris və elmi-tədqiqat fəaliyyəti ilə yaxından tanış olub. O, universitetin bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan tələbələrinə ixtisas mühazirələri oxuyub, ustad dərsləri və seminarlar keçirib.
Səfər zamanı Ege Universitetinin bölüm rəhbərləri və akademik heyəti ilə görüşlər də təşkil olunub. Görüşlərdə birgə elmi tədqiqatların aparılması, yeni layihələrin hazırlanması və iki universitet arasında akademik əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşlərdə AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasında həyata keçirilən tədris və elmi fəaliyyətlər barədə ətraflı məlumat verilib, müvafiq istiqamətlər üzrə universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri diqqətə çatdırılıb.








