AzTU-da yaşıl enerji texnologiyalarının tətbiqinə dair Daxili Qrant Layihəsinin nəticələri təqdim edilib
Azərbaycan Texniki Universitetində (AzTU) 2025-ci ildə qalib olmuş Daxili Qrant layihələrindən biri olan “Yeni konstruksiyalı günəş kollektorunun yaradılması və binaların isti su təminatının innovativ texnologiyalarla idarə olunması” mövzusunda elmi-tədqiqat layihəsinin nəticələri təqdim edilib. Layihə çərçivəsində binaların isti su təchizatı üçün innovativ texniki həll hazırlanıb.
Energetika və dayanıqlı enerji texnologiyaları kafedrasının müdiri professor Vaqif Həsənov layihənin nəticələri barədə ətraflı məlumat verib.
O bildirib ki, layihənin əsas məqsədi günəş enerjisindən səmərəli istifadə etməklə binaların isti su təminatını yaxşılaşdırmaq, ənənəvi enerji mənbələrindən asılılığı azaltmaq və bərpa olunan enerji texnologiyalarının tətbiq imkanlarını genişləndirməkdir.
Tədqiqat çərçivəsində yeni konstruksiyalı günəş kollektoru, isti suyun toplanması və saxlanması sistemi, dövriyyə nasosları, istilikdəyişdiricilər və avtomatik idarəetmə elementlərini özündə birləşdirən kompleks texniki həll hazırlanıb. Layihə günəş enerjisindən maksimum dərəcədə istifadə etməklə yanaşı, günəş şüalanmasının az olduğu və ya olmadığı dövrlərdə alternativ enerji mənbələrinə keçidi də təmin edir.
Layihə çərçivəsində Bakı şəhərində 2026-cı il ərzində aparılmış ölçmələr əsasında günəş enerjisi potensialı da qiymətləndirilib.
Tədbirdə çıxış edən “Azəristiliktəchizat” ASC-nin Texniki şöbəsinin rəisi Xəqani Süleymanlı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov layihənin əhəmiyyətindən danışaraq, onun yaşıl enerjiyə keçid istiqamətində mühüm perspektivlər açdığını vurğulayıblar.
AzTU-nun rektoru Vilayət Vəliyev son illərdə tədqiqatçıların dəstəklənməsi üçün Daxili Qrant layihələrinin keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, sözügedən elmi-tədqiqat işi yaşıl enerji texnologiyalarının inkişafı, enerji səmərəliliyinin yüksəldilməsi və innovativ mühəndislik həllərinin praktiki tətbiqinə yönəlmiş elmi fəaliyyətin mühüm tərkib hissəsidir və sosial əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi binaların isti su təchizatında günəş enerjisindən istifadənin genişləndirilməsinə, enerji resurslarına qənaət edilməsinə və karbon emissiyalarının azaldılmasına töhfə verə bilər. Hazırlanmış texniki həllin praktik tətbiqi yaşayış və ictimai binalarda alternativ enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə aparılan tədqiqatlar AzTU-nun yaşıl enerji texnologiyalarının inkişafına, elmi yeniliklərin praktik tətbiqinə və ölkənin dayanıqlı enerji siyasətinə töhfə verməyə yönəlmiş elmi fəaliyyətinin davamıdır.
Tədbirin sonunda layihə çərçivəsində hazırlanmış texniki həllə baxış keçirilib.
















