“ADEX 2026”da radioelektron mübarizə və təhlükəsiz rabitə sistemləri müzakirə olunub
Oktyabrın 2-də Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Müasir çağırışlar: radioelektron mübarizə və rabitə sistemlərinin təhlükəsizliyi” mövzusunda panel müzakirəsi keçirilib.
Panelin moderatoru Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin Müdafiə sistemləri və texnoloji inteqrasiya kafedrasının baş müəllimi Həbibulla Beydullayev olub.
Müzakirədə Milli Aerokosmik Agentliyinin elmi işçisi Muxtar Əzizullayev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Elxan Priyev, “Azərkosmos”un Texniki həllər bölməsinin rəhbəri Günay Feyziyeva və “ASELSAN”ın Rabitə və radioelektron mübarizə proqramlarının müdiri Volkan Karvar iştirak ediblər.
Panel zamanı radioelektron mübarizə sahəsində yeni təhdidlər, təhlükəsiz yerüstü kommunikasiya, yerüstü və peyk rabitəsinin inteqrasiyası, süni intellekt və proqram təminatı ilə müəyyən olunan radio sistemləri (SDR), eləcə də universitet-sənaye əməkdaşlığının perspektivləri müzakirə olunub.
Çıxışlarda gələcəyin radioelektron mübarizə sistemlərinin çevik və adaptiv texnologiyalar əsasında qurulmasının, proqram təminatının sistemlərin təhlükəsizliyində rolunun, həmçinin rabitə sistemlərinin kiber, elektromaqnit və fiziki mühitlərdə dayanıqlılığının əhəmiyyəti vurğulanıb.
Paneldə yerüstü və peyk rabitəsinin vahid kommunikasiya arxitekturasında inteqrasiyasına xüsusi diqqət yetirilib. Bu çərçivədə rabitə kanallarının real vaxt rejimində monitorinqi, avtomatik keçid və intellektual marşrutlaşdırma mexanizmləri, eləcə də müxtəlif şəbəkələrin vahid idarəetmə platformasında birləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.









