Tbilisidə I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı keçirilir
Noyabrın 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb.
Gürcüstan Texniki Universitetində keçirilən konfransda elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları və nümayəndələri iştirak edirlər.
Konfransın açılışında Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan və Gürcüstan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafından bəhs edərək iki ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin, birgə təhsil və tədqiqat təşəbbüslərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
İdris İsayev hazırda Azərbaycanın ali təhsil müəssisələrində 1117 Gürcüstan vətəndaşının təhsil aldığını diqqətə çatdırıb. O, həmçinin ötən il Azərbaycanın 6 və Gürcüstanın 7 ali təhsil müəssisəsi arasında 7 əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib.
Çıxışında elmi əməkdaşlığın inkişaf perspektivlərinə toxunan nazir müavini süni intellekt, bərpa olunan enerji, su ehtiyatlarının idarə olunması və kənd təsərrüfatı texnologiyaları kimi istiqamətlərdə birgə tədqiqatların aparılmasının vacibliyini bildirib. Bu sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi, birgə tədqiqat qruplarının yaradılması və elmi tədbirlərin təşkili imkanlarına diqqət çəkib.
İdris İsayev elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, universitetlərin akademik potensialının artırılması, innovasiya və startap mühitinin inkişaf etdirilməsi, eləcə də beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Nazir müavini konfrans çərçivəsində aparılan müzakirələrin və əldə olunan razılaşmaların Azərbaycan və Gürcüstan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın daha da inkişafına, yeni birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Çıxış edən Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafından, universitetlərarası əlaqələrin genişləndirilməsindən və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə çıxışında iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində elm və təhsil sahəsində əməkdaşlığın rolunu vurğulayıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova öz növbəsində “Azərbaycanda elmi-tədqiqat əməkdaşlığının və beynəlmiləlləşmənin inkişafı” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda Azərbaycanda elm və ali təhsil sahəsində həyata keçirilən islahatlar, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Təqdimatın sonunda elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, universitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsi və birgə elmi təşəbbüslərin inkişafının əhəmiyyəti vurğulanıb.
Konfrans çərçivəsində Azərbaycan və Gürcüstan universitetlərinin rektorlarının iştirakı ilə panel müzakirələrinin təşkili, ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.
Tədbir çərçivəsində həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılır.
Qeyd edək ki, tədirdə Azərbaycan Texniki Universitetini (AzTU) rektor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.






















