AzTU və AEEK tərəfindən “Paşa Property Management” əməkdaşları üçün təlim keçirilib
Azərbaycan Texniki Universiteti (AzTU) və “Azərbaycan Enerji Enciniring ənd Konsalting” (AEEK) MMC-nin birgə təşkilatçılığı ilə “Paşa Property Management” MMC-nin mühəndis-texniki heyəti üçün “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması (HVAC) sistemlərinin istismarı və enerji səmərəliliyi” mövzusunda təlim keçirilib.
Təlimi AEEK MMC-nin icraçı direktoru Tayfun Hacılı və AzTU-nun Enerji Texnologiyaları İnstitutunun direktoru vəzifəsini icra edən Nicat Hüseynov aparıb.
Ümumilikdə 18 akademik saatı əhatə edən ikigünlük təlimin birinci günü ADA Universitetində, ikinci günü isə Paşa Property Management MMC-nin ofisində təşkil olunub. Proqramın iki fərqli məkanda keçirilməsi akademik biliklərin korporativ mühitdə tətbiqi baxımından əhəmiyyət daşıyıb.
Məqsəd iştirakçıların HVAC sistemlərinin quruluşu və iş prinsipləri, avadanlıqların istismarı, texniki xidmətin təşkili, iş rejimlərinin optimallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə bilik və bacarıqlarını inkişaf etdirmək olub.
Proqram çərçivəsində isitmə, havalandırma və kondisionerləşdirmə sistemlərinin əsas elementləri, avadanlıqların qarşılıqlı fəaliyyəti, istismar göstəricilərinin qiymətləndirilməsi, texniki xidmət və enerji itkilərinin azaldılması yolları nəzəri və praktiki aspektlərdən müzakirə edilib. Eyni zamanda, gündəlik istismar fəaliyyətində səmərəli idarəetmə və profilaktik texniki xidmətin əhəmiyyətinə diqqət yetirilib.
Təlimin sonunda iştirakçıların biliklərinin qiymətləndirilməsi məqsədilə yekun imtahan keçirilib. İmtahanı uğurla başa vuran əməkdaşlara müvafiq sertifikatlar təqdim olunub.









