AzTU Qazaxıstanda beynəlxalq təhsil sərgisində təmsil olunur
Noyabrın 18-də Qazaxıstanın Almatı şəhərində “Atakent-Expo” şirkətinin təşkilatçılığı ilə “Təhsil və Karyera” beynəlxalq təhsil sərgisi işinə başlayıb. Noyabrın 20-dək davam edəcək sərgidə Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Hazırlıq və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Sevinc Absalamlı və həmin şöbənin baş mütəxəssisi Günel Məmmədova təmsil edirlər.
Sərgi çərçivəsində universitet nümayəndələri iştirakçılara bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramları, ixtisaslar, beynəlxalq təhsil imkanları və əcnəbi tələbələr üçün qəbul şərtləri barədə ətraflı məlumat veriblər.
Xüsusilə mühəndislik və informasiya texnologiyaları sahələrində təhsil imkanları ilə maraqlanan ziyarətçilərin sualları ətraflı cavablandırılıb.
Bununla yanaşı, sərgi çərçivəsində xaricdə təhsil şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib, tələbə cəlbi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.







