AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət iki komanda Atlantia Beynəlxalq STEM Olimpiadasının Azərbaycan mərhələsində birinci yerə layiq görülüb.
Belə ki, AzTU-nun Elektrotexnika kafedrasının müəllimi Samir Yusifovun mentorluq etdiyi “Synergy” komandası və kafedranın baş müəllimi Natella Namazovanın mentorluq etdiyi “Simple” komandası müsabiqədə uğurla çıxış edərək qalib olublar.
“Synergy” komandasının üzvləri, Energetika kafedrasının tələbələri Susanna Quliyeva və Qumru Hüseynzadə olimpiadada “Smartflow city” – “Ağıllı şəhər” layihəsini təqdim ediblər.
Layihənin əsas məqsədi şəhər nəqliyyatının idarə edilməsində səmərəliliyi artırmaq, enerji resurslarından qənaətlə istifadə etmək və ağıllı texnologiyaların gündəlik həyata tətbiq imkanlarını nümayiş etdirməkdir. Arduino mikrokontrollerləri əsasında hazırlanan layihə nəqliyyat vasitələri və piyadalar üçün işıqfor sistemlərini, eləcə də ətraf mühitin işıqlanma səviyyəsinə uyğun avtomatik fəaliyyət göstərən küçə işıqlandırmasını əhatə edir.
Samir Yusifovun mentorluğu ilə layihə üzərində çalışan tələbələr elektronika, proqramlaşdırma və mühəndislik sahəsində qazandıqları nəzəri bilikləri praktikada tətbiq edərək innovativ texnoloji həllər hazırlayıblar.
“Simple” komandasının üzvləri, Energetika fakültəsinin tələbələri Hüseyn Nemətli və Turan Kərimov isə olimpiadada süni intellektlə idarə olunan yeni nəsil ağıllı təyyarə layihəsini təqdim ediblər.
Layihənin əsas xüsusiyyəti təyyarənin uçuş və digər əməliyyatları avtonom şəkildə həyata keçirməsidir. Bundan əlavə, sistem insan səsini tanıyaraq verilən səsli əmrləri yerinə yetirmək imkanına malikdir.
Hər iki komandanın Atlantia Beynəlxalq STEM Olimpiadasının Azərbaycan mərhələsində birinci yerə layiq görülməsi AzTU tələbələrinin innovativ düşüncə, mühəndislik və texnoloji yaradıcılıq sahəsində uğurlarının göstəricisidir.










