AzTU-da “Zəfər Turniri” idman yarışının qalibləri mükafatlandırılıb
Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Turniri” idman yarışının bağlanış mərasimi keçirilib.
“Zəfər Turniri”nin keçirilməsində məqsəd tələbələr arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq, eləcə də 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini gənc nəslə aşılamaqdır.
Əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun Tələbələrlə iş və sosial fəaliyyətlər şöbəsinin müdiri Rəna Cəbrayılova Zəfər Gününün xalqımızın tarixindəki əhəmiyyətindən danışıb. O, bu əlamətdar günə həsr olunan idman yarışının tələbələrdə vətənpərvərlik ruhunun formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və onların universitet həyatında fəal iştirakına töhfə verdiyini qeyd edib. Rəna Cəbrayılova yarış iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, voleybol, futbol, dama, şahmat, stolüstü tennis və güləş idman növləri üzrə keçirilən yarış birinci kurs tələbələri arasında təşkil olunub.
Sonda yarışın müxtəlif idman növləri üzrə qalibləri mükafatlandırılıb.









