"Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyinin 2026-ci il üzrə açıqladığı nəticələrə əsasən, Azərbaycan Texniki Universiteti (AzTU) dünyanın aparıcı ali təhsil müəssisələri arasında 1501+ pillədə yer alıb. Bu göstərici AzTU-nun elmi-tədqiqat potensialının, tədris keyfiyyətinin və beynəlxalq nüfuzunun artdığını bir daha təsdiqləyir.
AzTU-nun reytinqdə yer alması universitetin beynəlxalq akademik müstəvidə tanınması və qlobal təhsil standartlarına uyğun fəaliyyət göstərməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, son illər universitet elmi-tədqiqat infrastrukturunu gücləndirib, beynəlxalq layihələrdə və proqramlarda aktiv iştirak edib, həmçinin tədris prosesində innovativ metodları tətbiq edərək tələbələrin bilik və bacarıqlarını artırıb.
Bu nailiyyət universitetin elmi fəaliyyətlərinin geniş auditoriyaya çatdırılması, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və Azərbaycan ali təhsilinin qlobal səviyyədə tanınması baxımından vacibdir. AzTU-nun qlobal reytinqdə yer alması həm də universitetin rəqabət qabiliyyətini artırır, tələbə və müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinə stimul yaradır və ölkəmizin elmi potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsinə şərait yaradır.
Sözügedən uğur həmçinin universitetin gələcəkdə daha yüksək reytinq göstəricilərinə nail olmaq üçün atdığı strateji addımların uğurlu nəticəsini əks etdirir və AzTU-nun elmi və akademik fəaliyyət sahəsində davamlı inkişafını nümayiş etdirir.