AzTU-nun 4 komandası ICPC-nin regional mərhələsinə vəsiqə qazanıb
51-ci Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan üzrə təsnifat mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Azərbaycan Texniki Universitetinin (AzTU) 4 komandası regional mərhələdə iştirak hüququ qazanıb.
Regional mərhələyə vəsiqə qazanan AzTU 1, AzTU 5, AzTU 6 və AzTU 7 komandalarının mentoru Etibar Seyidzadədir.
Ümumilikdə, 22 ali təhsil müəssisəsindən 69 komanda 8 noyabr 2026-cı il tarixində keçiriləcək Azərbaycan üzrə regional mərhələdə iştirak hüququ əldə edib.
Qeyd edək ki, müsabiqə ICPC Azərbaycan İcmasının, AzTU-nun və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilib.
Regional mərhələdə uğur qazanan komandalar 11–13 dekabr 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 51-ci ICPC-nin yarımfinal mərhələsində, eləcə də Cənubi Qafqaz Açıq Çempionatında komanda və fərdi nominasiyalar üzrə iştirak etmək hüququ əldə edəcəklər.









