AzTU interaktiv ingilis dili təlimləri ilə əməkdaşların peşəkar inkişafına dəstək verir
Azərbaycan Texniki Universitetində (AzTU) əməkdaşların davamlı peşəkar inkişafının dəstəklənməsi və universitetin beynəlmiləlləşmə potensialının gücləndirilməsi məqsədilə akademik və inzibati heyət üçün interaktiv ingilis dili təlimlərinə başlanılıb.
Tədqiqat, inkişaf və reputasiya departamentinin təşkilatçılığı ilə AzTU-nun rəqəmsal təlim platforması əsasında həyata keçirilən proqrama ilkin mərhələdə universitetin bütün kafedralarını təmsil edən əməkdaşlar da daxil olmaqla 36 nəfər cəlb edilib.
Üç ay müddətində davam edəcək təlim proqramının ilkin mərhələsi A1–A2 dil səviyyələrini əhatə edir. Növbəti mərhələlərdə iştirakçıların dil bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsi və daha yüksək dil səviyyələrinə keçidinin dəstəklənməsi nəzərdə tutulur.
Müasir və interaktiv tədris metodları əsasında təşkil olunan təlimlər iştirakçılara əldə etdikləri bilikləri dialoqlar, qrup çalışmaları və praktik tapşırıqlar vasitəsilə tətbiq etmək imkanı yaradır. Proqram çərçivəsində gündəlik və peşəkar ünsiyyət, şifahi və yazılı ifadə, akademik yazı, təqdimatların hazırlanması və beynəlxalq işgüzar yazışmalar üzrə bacarıqların mərhələli şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Təlimlər akademik heyətin beynəlxalq elmi konfranslarda, birgə tədqiqat layihələrində, qrant proqramlarında və akademik mübadilə təşəbbüslərində iştirak imkanlarının genişləndirilməsinə xidmət edir. İnzibati heyət üçün isə xarici tərəfdaşlarla effektiv ünsiyyətin qurulması, beynəlxalq işgüzar yazışmaların aparılması və layihələrin əlaqələndirilməsi üzrə peşəkar bacarıqların inkişaf etdirilməsi hədəflənir.
Proqramın sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Sözügedən təşəbbüs AzTU-da insan kapitalının inkişafına, rəqəmsal öyrənmə imkanlarının genişləndirilməsinə, ömürboyu təhsil prinsiplərinin tətbiqinə və institusional keyfiyyət mədəniyyətinin möhkəmləndirilməsinə yönəlmiş sistemli fəaliyyətlərin tərkib hissəsidir.
Proqram, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü (Keyfiyyətli təhsil) və 8-ci (Layiqli əmək və iqtisadi artım) məqsədlərinə uyğun olaraq əməkdaşların davamlı öyrənmə və peşəkar inkişaf imkanlarının genişləndirilməsini dəstəkləyir.
https://trainings.aztu.edu.az/en/courses/general-english-on-site









